İrəvanda xal qalmadı

 

 

İrəvan qədim türk sözü olub, yerin günəşə baxan üzü deməkdir. İr yer deməkdir, Kaşğarinin “Divani lüğəti- türk” əsərində, ir yer sözü tanrı sözü ilə eyniləşdirilir. Rəvanqulu xanla bağlı versiya da cəfəngiyyatdır, Rəvanqulu xan burada sadəcə qala tikdirib. İrəvan sözü yer, ir toponimi ilə bağlıdır.

Hətta 1655-ci ildə İrəvana gəlmiş Jan Batist Tavernyenin əsərinin birinci cildində qeyd edilir ki, şəhər qalasında yalnız müsəlmanlar yaşayır. On səkkiz il sonra burada olmuş Jan Şardenin yol qeydlərində göstərilir ki, İrəvan qalasını özlüyündə kiçik bir şəhər hesab etmək olar. Qalada 800 ev var. Bura da yaşayanlar “yalnız farslardır”. Deməli qalanın sakinləri birinci səyyaha görə “müsəlmanlar”, ikinci səyyaha görə “farslardır”. Yəgin ki, o zamanlar bu ərazilər İran dövlətinə daxil olduğu üçün əhalinin milli mənsubiyyətini nəzərə almadan hamısını- “fars” adlandırmışlar.

Qərbi Azərbaycan torpaqlarının verilməsi üçün zəmin Birinci Dünya müharibəsi illərində yaradılmışdı. Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində 150 min erməni əsgəri var idi. 1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişindən sonar rus qoşunları silah-sursatı erməni komandirlərinə təhvil verərək, geri çəkilir. Bundan sonra 1918-ci ilin mart soyqırımı ilə kulminasiyasına çatan talanlar başlayır.

Andranikin, Hamazaspın, Dronun, Njdehin komandanlığı altında geri çəkilən erməni ordusu əvvəlcə Ərzurum və Qars vilayətlərində, sonra isə İrəvan quberniyasında və Zəngəzurda müsəlmanlara qarşı əsl soyqırım həyata keçirir. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu.

Yəni İrəvan qəzasında yaşayan müsəlman əhali faktik olaraq taleyin öhdəsinə buraxılmışdı. Onlara yiyə duran, müdafiə edən yox idi. Ümid ancaq Osmanlıya ola bilərdi…

Belə bir vəziyyətdə 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxır və Gürcüstan müstəqilliyini elan edir. Müsəlman Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə (Osmanlı) nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. 

Yumşaq desək, bu, olduqca qəribə yanaşma idi. Hansı Cənubi Qafqazın hansı müstəqilliyindən söhbət gedə bilərdi həmin vaxt?

1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclasının 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni Milli Şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edir.

Xoyski bildirir ki, Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır; Aleksandropol (Gümrü) Türkiyəyə keçdiyi üçün belə mərkəzin İrəvan ola bilər. Bundan sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu deyir.

(Milli Şuranın iclasının 3 nömrəli protokolundan çıxarış)

Bu yerdəcə qeyd edək ki, erməni silahlı dəstələrini təqib edən türk qoşunları 1918-ci ilin mayında Gümrü və Böyük Qarakilsə şəhərlərini erməni dəstələrindən təmizləmişdi. Amma İrəvan şəhərinin 7 kilometrliyindəki Uluxanlı stansiyasınadək gəlib çatsa da, şəhərə daxil olmadan Naxçıvan istiqamətində hərəkət etmişdilər. 

Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar.

Milli Şuranın İrəvandan olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Bu məsələ üzrə səsvermə nəticəsində 28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalıb. Beləliklə, Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul edir.

1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul olunur. Lakin qərar Milli Şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin etiraz səsi ilə qəbul edilir. 

Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də, nəticəsi olmur. 

Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

Amma bunun tam əksi olur: Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırımı davam etdirir.

(Milli Şuranın iclasının 4 nömrəli protokolu)

İyunun 4-də Batumda Türkiyə ilə Ermənistan arasında imzalanan sülh və dostluq haqqında barış müqaviləsinə əsasən, Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi.

Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir. Milli Şura İrəvan quberniyasındakı qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin.

Andranikin komandanlığı altinda erməni silahlı dəstələrinin Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə olan hüququnu özündə saxladığını bildirmişdi.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarinin Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət -qırğınlarının ikinci mərhələsini həyata keçirirlər. İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur xan Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılıb, qarət edilib, yandırılıb, əhalisinin bir qismi öldürülüb, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olublar. Onun məlumatına görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur xan Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazırdı.

4 yanvar 1919-cu ildə parlamentin üzvləri Teymur xan Makinskinin, Məhərrəm Mәhәrrәmovun, Әkbәrağa Şeyxülislamovun və İrəvan quberniyası ziyalılarının bir qrupunun imzası ilə parlament sədrinə ünvanlanan müraciətdə deyilirdi ki, İrəvan quberniyasında sırf müsәlmanlar ilә mәskun 500 min әһali özlərini Azәrbaycanın ayrılmaz bir parçası hesab edir və arzu edirlәr ki, talelәri Paris sülһ konfransında һәll oluncaya qәdәr asayiş içində yaşamalarına ermənilər mane olmasınlar. Erməni qoşunlarının törətdikləri qırğınların miqyası sadalandıqdan sonra parlamentdən xahiş edilirdi ki, İrәvan müsәlmanlarının mövcudiyyətinin müһafizәsi üçün lazım gәlәn tәdbirlər görülsün.

Müttəfiqlərin Cənubi Qafqazdakı qoşunlarının komandanı general A.Tomsonun ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə iştahlandırırdı. 1919-cu il mayın 28-də Ermənistan Parlamenti Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilməklə “Birləşmiş Ermənistan” dövlətinin qurulması haqqında akt qəbul edir. “Birləşmiş Ermənistan”a Ermənistan hökumətinin Azərbaycana qarşı iddia etdiyi ərazilər də daxil edilmişdi. 

“Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin faciəli vəziyyət haqqında yazırdı: “İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir… Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar…”

Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdu.

1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən daşnak hökumətinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin xarakter alır.

İrəvan şəhərində azərbaycanlıların bir qisminin erməni qırğınlarından canlarını salamat qurtarmalarının başlıca səbəbləri onların kompakt şəkildə (şəhərin Dəmirbulaq, Təpəbaşı, Qala şəhər və Köhnə şəhər hissələrində) məskun olmaları, Azərbaycanın diplomatik nümayəndəliyinin, Azərbaycan Himayəçilik nazirliyinin, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində fəaliyyət göstərən nümayəndələrinin mümkün qədər nəzarətləri olmuşdu. Yerlərdə isə belə nəzarət olmadığından erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətl və qarətləri istədikləri şəkildə həyata keçirirdilər.

1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. 

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. Başqa sözlə, 1918-1920-ci illərdə Azərbaycanlılar 2,5 dəfə azalmış, ermənilərin sayı isə təqribən 4 dəfə artmışdı.

İlkin Nəcəfzadə
AzVision.az

 

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*