A T Ə Ş K Ə S… yaxud, Qarabağa yol hardan keçir? Cəlal Yaquboğlu

A T Ə Ş K Ə S…
yaxud, Qarabağa yol hardan keçir?

Nə az, nə çox düz 30 il əvvəl 1988-ci ildə tarixi düşmələrimizin Qarabağa qarşı başladıqları ərazi iddiaları sonradan işğalçılıq müharibəsinə çevrilsə də 6 ildən sonra “atəşkəs”lə sonuclandı. Coğrafi xəritələrdə adı “Dağlıq Qarabağ” kimi yazılan bir ərazini işğal edib oturan düşmən üstəlik bu ərazidən kənardakı yeddi inzibatı ərazi vahidi olan rayonu da qəsb edərək diplomatiya aləmində adına “bufer zonası” deyilən sahəyə çevirdi. Hayların “miatsum”, “artsax” arzularının reallığa çevrilməsinə şəkk gətirənlərin isə heç ağızları da əyilmədi. Beləcə başlandı məğlb xalqın atəşkəsli həyatı. Bu həmin atəşkəs idi ki, fələk bir vaxtlar vətən həsrətilə göz yaşları axıdan xan qızı Ağa bəyim xanımın bayatısını bu millətə tərsinə oxutdu, yəni:
– “Yaddan çıxdı Qarabağ”…

***

Məmləkətin şir biləkli, qeyrətli oğullaının Qarabağın hər qarışı üçün vuruşaraq qan töküb şəhid olduğu bir zamanda qəfildən peyda olan və bu günə kimi dilimizi qabar edən “atəşkəs” sözünün doğru-dürüst anlamını və mahiyyətini az qala döddə bir əsrdir ki, nəinki “dözümlü xalqımız”, heç məmləkətin “Tarixi Nadiri başdan ayağa oxuyanları” da anlayıb dərk edə bilmirlər… Dərk edib anlayanlar isə ağzlarına su alıb susurlar. Bu susurluq hələ də davam etməkdədir…

AĞLA GƏLƏN FİKİR

“Atəşkəs” barədə düşünəndə adamın ağlına qəribə fikirlər gəlir. Məsələn, fikirləşirsən ki, görəsən 1812-ci ildə Napoleon Bonapartla Rusiya arasında “atəşkəs” bağlansaydı tarixdə nə baş verərdi? Yaxud, 1941-1945-ci ildə Böyük Vətən müharibəsi zamanı Moskvanın 18 kilometrliyinə gəlib çıxmış alman-faşistləri ilə “atəşkəs” rejimində yaşanılsaydı nə olardı?…
Baxın, “atəşkəs”dən danışıarkən istər-istəməz adamın ağlına belə fikirlər də gəlir…
Görəsən dörddə bir əsrə yaxın zamanda bu boyda xalqın başının üzərindən “Domoikl qılıncı” kimi asılıb qalmış “atəşkəs” adlı bu müəmmanın sonu olacaqmı? Yaxud, bu son heç olmasa görünürmu?
Dörddə bir əsrə yaxın zaman kəsiyində 9 milyon bəndeyi fəqirin başını yastığa qoyub “Həzrəti lazımın” tezliklə gələrək Qarabağı qaytarıb xalqımıza verəcəyi barədə söylənən nağıllar görəsən nə zaman bitəcək? Günü-günə, İli- ilə sataraq vaxtı yubatmaq, düşmənin işğal etdiyi torpaqlarda onun kök salıb məskunlaşmasına şərait yaratmaq, fürsət vermək “atəşkəs” adlanırmı? Əlindən heç bir iş gəlməyən, fərasətsiz, nənik, mağmın siyasətbazların və başqa “bazların”, hiyləbaz və qurnaz beynəlxalq qurumların, ağzı qatıq kəsməyən diplomatların iştirakı ilə həftə səkkiz mən doqquz dünyanın bərli-bəzəkli guşələrində, şəhərlərində, dəbdəbəli otellərində keçirilən və bizim çayxana söhbətlərindən o yana ketməyən “iki tərəfli”, “üç tərəfli”. “beş tərəfli” ( adamın yadına lap o məşhur mahnı düşür,- “üç telli, dörd telli, beş telli durna, sən haralısan, haralı durna?…”)“nəticəsiz görüşlərin sonu – aldım qoz, satdım qoz, bizə qaldı şaxşaxı “atəşkəs” adlanırmı?
Görəsən analoqsuz yalan vədlərlə gözü yaxşı görən, ağlı yaxşı kəsən, kələyi küləkdən, küləyi fələkdən ayırmağı yaxşı bacaran bu boyda xalqı aldada-aldada vaxt qazanmaq siyasəti “atəşkəs” adlanırmı?
Görəsən dünya xəritələrində 39-41 –ci paralellərdə yerləşmiş, adına Azərbaycan deyilən məmləkətin torpaqlarını zaman-zaman ona-buna peşkəş edə-edə, itirə-itirə gəlib XXI əsrə çıxan və indi də oturub “Həzrəti Lazımıın” nə zamansa nazil olacağına ümid bəsləyən xalqın düçar olduğu bəlalar “atəşkəs” adlanırmı?
Ən acınacaqlısı odur ki, bu “atəşkəs” deyilən nəsnənin bədnam sülhmü, yoxsa yarımcıq qalmış müharibəmi,- intiqammı, yoxsa rüsvayçılıqla sonuclanmış məğlubiyyətmi, – düşməndən qorxub çəkinməkmi, yoxsa, öz gücünü, qüvvəsini bir yerə toparlayıb düşmənə sarsıdıcı zərbə vurmaq, işğal altında olan torpaqları geri qaytarmaq üçün məqam gözləməkmi olduğunu anlamaq mümkün deyil…bütüün absurd və məntiqsiz olaylada olduğu kimi.
Əslində əsrin dörddə birinə bərabər bir zaman kəsiyində millətin başına zorla papaq əvəzinə qoyulan “atəşkəs” Qarabağı xalqdan ən azı daha yüz il uzaqlaşdırdı və ildən ilə bir az da uzaqlaşdırır. Əslində “atəşkəs”, işğal olunmuş torpaqlarımızın qaytarılması yolunda sanki bir “Qordi düyünü”nə çevrilib. Axı, elə o zaman bu düyünü İskəndər Zülqərneyn kimi bircə qılınc zərbəsi ilə kəsmək ən doğru seçim deyildimi? Təəssüf…Malisəf…
Çoxlarının yadında olar, çox da uzaq olmayan keçmişimizdə özünü “xalq qəhrəmanı” adlandıranlardan biri belə demişdi: “Qarabağ torpağını ermənilərə müvəqqəti, əlborcu vermişik”. Ay sənin məzən olsun, belə “xalq qəhrəmanı”…Bu da sənin “atəşkəsin”, yaşa özünçün…

QARABAĞA YOL HARDAN KEÇİR?…

Qarabağa gedən yol, heç də “atəşkəs”dən keçmir və keçə də bilməz. Bunu məmləkətin bütün ağıllı, düşüncəli, ziyalı insanları anlayır. Dünyanın minilliklər ərzindəki müharibələr tarixi göstərir ki, qanla alınmış torpağ heç vaxt toy-düyünlə, zurna qavalla geri alına bilməz. “atəşkəs” adlı bir oyunla heç vaxt məğlubiyyətdən yaxa qurtarmaq olmaz. Elə ona görə də bizim Qarabağa gedən yolumuz gizlənpaç oyununu xatırladan “atəşkəs”dən keçə bilməz. Əslində “atəşkəs” sözün həqiqi mənasında məkrli bir oyundan savayı bir şey deyil. Nə qədər qəribə, inanılmaz, paradoksal görünsə də Qarabağ “düyununun” açılması yolunu, daha doğrusu vətən torpağını düşməndən azad etmək yolunu hələ yüz il əvvəl vətənsevər şairimiz Abbas Səhhət bizlərdən daha sərrast, daha doğru, daha düzgün demirdimi:
-Ya ər ol, meydana çıx, gəl kömək et qardaşına,
Ya da get evdə otur, həm də ləçək sal başına…

Siz bir anlığa da olsa iyirmi dörd il bundan əvvəl elan olunmuş “ atəşkəs” rejimində xalqımızın nə itirib, nə qazandığı barədə düşündünüzmü? Elə isə düşünün …nə qazandığımızı, nələri itirdiyimizi bir daha düşünün.
Bədnam “atəşkəs” illərində bu xalqın əbəs yerə nə qədər şəhidlər verdiyini düşünün. Bu xalqın “atəşkəs” illərində nə boyda əzab və məşəqqətlərlə üzləşdiyini düşünün. “Atəşkəs” dövründə içimizdəki haramxorların, boynuyoğunların, itnəfislərin, kleptomanların bu məmləkətin, bu ölkənin sərvətlərini necə yağmaladıqlarını xatırlayın. Axı, dünyada heç nə unudulmur, heç nə yaddan çıxmır.
“Atəşkəs” dövründə zorun və pulun gücünə istədiklərini eləyənlər, millətin qanına yerikləyənlər, müstəqilliyini bərpa etmiş bir ölkəni öz votçinası hesab edənlər, respublikanı “özəlləşdirənlər” Qarabağ naminə barmağı barmaq üstünə qoydularmı? Bütün bu deyilənlər “atəşkəs” nədir sualına cavab deyil bəs nədir? Əslində “atəşkəs” bu xalqı sevməyən, ona gizlin nifrət edən, “millət necə tarac olur olsun” düşüncəsi ilə yaşayanların siyasi blefidir. “Atəşkəs” adlı bu siyasi blef – xalqa qarşı yönəlik ən məkrli oyun olaraq qaldıqca Qarabağın yolları xalqımızın üzünə bağlı qalacaq.
Danılmaz bir həqiqətdir ki, Qarabağa gedən yolumuz “atəşkəs”dən deyil, vətən deyəndə öz villa və saraylarını, xalq deyəndə isə ailəsini, qohum əqrəbasını nəzərdə tutanlardan qurtulmağın üzərindən keçib gedir.
Onların əsl adını isə rəhmətlik Sirus Təbrizli çox doğrü və sərrast demişdi: – “Simasız quldurlar”.

Cəlal Yaquboğlu

P.S.
Son günlər ermənilərin Bakıya səyatətləri, qonaq gəlmələri, hətta qohum -əqrəbalarının qəbirlərini ziyarət etmələri adi hala çevrilib. “Atəşkəs”dir axı…
“Atəşkəs”dən danışdım yadıma erməni adı Artaşes düşdü. İşə baxın, necə də bir-biri ilə həmqafiyə səslənir – atəşkəs…artaşes.

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*