MƏKTUB Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan  Azərbaycanın Şuşa şəhərində yerləşən “Yuxarı Gövhərağa Məscidi”  abidəsinin tarixi və dini mahiyyətinin  ermənilər  tərəfindən saxtalaşdırılmasına dair etiraz

 

Hörmətli dostlar!

Artıq 30 ildir Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı min illərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimiz olmuşdur. Bu gün erməni təcavüzünün qurbanı olmuş tarixi, dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumatı vermək qeyri-mümkündür. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər azərbaycanlıların yalnız Azərbaycanın torpaqlarını ələ keçirməmiş, eyni zamanda orada yaşayan soydaşlarımızı yerindən- yurdundan qovub çıxarılmış, buradakı maddi- mədəniyyət nümunələrini tarix səhnəsindən məqsədli şəkildə silib yox etmişlər. Faktiki olaraq bu ərazilərimizdə bir mədəniyyət vandalizmi yaşanmışdır.  Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüzün getdikcə geniş vüsət almaqdadır.

İşğal altındakı torpaqlarımızda tərəfimizdən təsbit olunmuş tarixi-dini abidələrin təxmini  sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-i ziyarətgahlardır.

Ermənilərin tarixi-dini abidələrimizə qarşı qarşı vəhşi davranışı müxtəlif istiqamətlərdə aparılır. Bir çox qədim  milli, dini ənənəni özündə ehtiva edən abidələr tamamilə dağıdılmışdır. Bu abidələrin özününküləşdirilərək erməniləşdirilməsinə  cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin jurnalistləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur.

Erməni təcavüzünə məruz qalmış İslam mədəniyyətinə  dair tarixi-dini abidələrdən biri də Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər Ağa” məscididir. Şuşa şəhərinin işğalı zamanı həmin məscid topa tutulmuş və minarələri dağıdılmışdır. 8 may 1992-ci ildən bu günədək məscid dağıdılmış vəziyyətdədir. Ermənilər bununla kifəayətlənməyərək bu məscidin farslara aidliyi barədə avantürist addım atmaqdalar. Çox təssüf ki, bu erməni saxtakarlığına qonşu İranda da dəstək verənlər tapılır  Bu tarixi abidənin də Azərbaycan xalqına aid olmadığı iddiaları ortaya çıxır. Bundan bir neçə il əvvəl İrəvan şəhərindəki 19910-cı ildə ermənilər tərəfindən yandırımış  “Göy Məscid” İran İslam Respulikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” olarq qələmə verilmişdir.

 

“Yuxarı Gövhər Ağa” məscidi 1883-84-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdi. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhər ağa məscidi kimi tanınan həmin bina inşa edilib. Daha sonra Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirib ki, bu, indi “Aşağı Gövhər ağa məscidi” adlanır

2001-ci ildə YUNESKO-nun Ümumdünya İrsi Obyektlərinin siyahısına salınan Şuşa tarixi şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülərək  əvəzində erməni dilində “Qədim tarixi abidə-Yuxarı Məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılmışdır. Əvvəlki Azərbaycan dilində üzərində yazı olan lövhədə qeyd olunmuş “Gövhər ağa” sözləri bilərəkdən yeni asılmış lövhədə qeyd edilməmişdir.

Bununla Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazisində yerləşən tarixi-dini abidələrin mahiyyətinin dəyişdirlməsinə, saxta erməni tarixinin yazılmasına cəhd edir.

 

İlahi dinlərin hər birində məbəd dağıtmaq böyük günah hesab edilir. Lakin ermənilər Tanrı məbədini dağıtmaqla xristian ehkamlarını da pozmaqdan çəkinmirlər. İncildə bu barədə deyilir: “Kim Allahın məbədini məhv edirsə, Allah onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir..” (İncil, Korinflilərə I məktub, 3/17).

Eyni zamanda Qurani-Kərimdə də buyrulur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idillər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Qurani-Kərim, Bəqərə, 114).

Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri Beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

Əlbəttə, biz YUNESKO-nun Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə biganə qalmasını mümkünsüz sayırıq. Bir çoxlarına artıq bəllidir ki, işğala məruz qalan ölkə Azərbaycandır. Onun ərazisinin 20 faizi 30 ildir ki, işğal altındadır, bir milyona qədər Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın vəziyyətindədir. Belə bir vəziyyətdə işğalçı erməni hakimiyyətinin tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirilməsini  və “Yuxarı Gövhər ağa” məscidinin tarixi əhəmiyyətini göstərən yazı və lövfələrin sökülərək erməni dilində yazı və lövfələrlə əvəzlənməsinin dərhal dayandırılmasını tələb edirik. Şuşa və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmə son qoyumasını tələb edirik.

 

Əvvəlcədən Sizə təşəkkürümüzü bildiririk.

 

Mübariz Qurbanlı,

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsinin sədri

 

 

 

 

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*